Paşayev Nəsimi Məzahir oğlu 1975-ci ildə Yevlax rayonunun Xaldan kəndində anadan olub. 1981-ci ildə Yevlax rayonu, Xaldan kənd kompleks tam orta məktəbində birinci sinifə başlayıb. Orta təhsilini 1992-ci ildə bu məktəbdə başa vurub. Elə həmin il Azərbaycanda ilk dəfə test üsulu ilə keçirilən imtahanlardan uğur qazanaraq Türkiyə Respublikası, Ankara Universitetinə daxil olub. Ankara Universitetinin Jurnalistika fakültəsini Radio-Televiziya və Kino ixtisası üzrə bitirərək vətənə qayıdıb. Hərbi xidmət keçdikdən sonra Bakı şəhərində iş həyatına başlayıb. Bir neçə il ayrı-ayrı kütləvi informasiya vasitələrində çalışıb. 2004-cü ildə “Barmek Azərbaycan Elektrik Şəbəkəsi” MMC-də Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsində işə başlayıb. Daha sonra əmək fəaliyyətini “Bakıelektrikşəbəkə” ASC-də davam etdirib. 2014-cü ildə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 2018-ci ildən isə Huner Group şirkətində PR və marketinq direktoru olaraq əmək fəaliyyətini davam etdirir.

İctimai işlərdə xüsusi fəallıq göstərir. Ali məktəblərdə, ayrı-ayrı kurslarda, konfranslarda PR-la bağlı təlimlər keçir. Özünün yaratdığı PR Academy-də gənclərə, tələbələrə ictimaiyyətlə əlaqələr işinin təşkili ilə bağlı kurslar tədris edir.

Ailəlidir. Bir oğlu, bir qızı var.