Hörmətli seçicilər, gözəl yurdumun dəyərli insanları!

Mən Paşayev Nəsimi Məzahir oğlu 49 saylı Yevlax – Mingəçevir seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə sizin namizədinizəm. Niyə məhz bu dairə və niyə sizin namizədiniz? Çünki mən 1975-ci ildə bu eldə, bu obada – Yevlax rayonunun Xaldan kəndində anadan olmuşam. Orta təhsilimi Xaldan kənd kompleks tam orta məktəbində almışam. 1992-ci ildə bu məşhur məktəbin məzunu olaraq Türkiyəyə oxumağa getmişəm. Daimi iş yerim Bakı şəhəri olsa da hər zaman kəndimlə, elimlə, obamla əlaqədə olmuşam. Çünki ata yurdum buradadır. Qohum-əqrabam buradadır, dostlarım bu eldə yaşayır. Yəni, mən sizlərdən biriyəm. Ona görə də sizlərə səslənirəm – Bu dəfə millət vəkilimiz bizlərdən biri olsun, sizlərdən biri olsun!

Hörmətli ellilərim!

Sizlərdən biri olduğum üçün qayğılarınızın, problemlərinizin nələr olduğunu çox gözəl bilirəm. İş yerlərinin az olması, kəndlərdə yolların yararsız vəziyyətə düşməsi, kommunal problemlər, kəndli və femerlərə yaradılan süni maneələr mənə yaxşı tanışdır. Məlumuzdur ki, ölkə Prezidenti cənab İlham Əliyev son çıxışlarında  bu mövzulara, vətəndaşlara yaradılan problemlərə toxunub. Artıq bir müddətdir ki, ciddi islahatların, sürətli inkişafın növbəti mərhələsinə start verilib. Cənab Prezident bu islahatlarda yenilikçilərə, gənclərə, xalqın içindən olanlara, ictimaiyyətlə iç-içə olan şəxslərə xüsusi önəm verdiyini vurğulayır. Elə bu səbəbdən də qərara gəldim ki, mən də öz elimə faydalı ola bilmək, dövlətimizin apardığı islahatlara öz tövhəmi vermək üçün millət vəkili olum.

Hörmətli seçicilərim!

Sizə söz verirəm ki, millət vəkili seçildiyim zaman, daim sizin yanınızda olacam, problemlərinizi dinləyəcəm və onların həll olunması istiqamətində bütün səylərimi göstərəcəyəm. Odur ki, hər birinizi 9 fevral 2020-ci ildə keçiriləcək Milli Məclisə seçkilərdə mənə səs verməyə çağırır, elimizin, obamızın gələcəyini birgə həll etməyə səsləyirəm.

Hörmətli seçicilər! Sizi 9 fevral 2020-ci ildə keçiriləcək Milli Məclisə seçkilərdə fəal iştirak etməyə, öz səsvermə hüququnuzdan istifadə edərək sizlərdən biri olan Paşayev Nəsimi Məzahir oğluna səs verməyə dəvət edirəm. Gələcəyimiz öz əlimizdədir.